IV.2.3.2.6.2. Psixotrop preparatlar
Normal və ya anormal psixi fəaliyyətə münasibətdə seçici aktivlik göstərən kimyəvi və ya təbii maddələr qrupudur. Beyinin funksiyasına onun kimyəvi tərkibini dəyişmək yolu ilə təsir göstərir. Tipik nümunəsi adi zəhərlər və narkotik maddələrdir. Ümumi olaraq kimyəvi tərkibinə, farmakoloji dinamikasına, göstərdiyi effektə və s. əsasən psixotrop preparatların çoxsaylı təsnifat variantları mövcuddur ki, biz burada da, bütün bu kitab boyu əsas götürdüyümüz, həmin dördlü prinsipi əsas götürərək, psixotrop preparatları hissiyyata, emosiyaya, intellektə və iradəyə təsir edənlər olmaqla aşağıdakı variantda qruplaşdırırıq:
n IV.2.3.2.6.2.1) Hissiyyatın requlyatoru olan psixotrop preparatlar:
Bu kateqoriyaya əsasən elmdə psixodizleptiklər, psixodeliklər, psixotomimetiklər və ya elə-belə, hallyusinogenlər adlandırılan neyromediatorlar aiddir. Xüsusi effektiv nümunələri aşağıdakılardır:
— Dietil-lizergin turşusu (yaxud, LSD-25. Preparat çovdar mahmızı [Claviceps purpyrea Tulas] bitkisindən alınır), meskalin (preparat peyotl [Echinocactuc williamsii] adlı kaktusdan alınır), psilosibin (preparat teonanakatl [Psilosibis] adlı göbələkdən alınır), psilasin, dimetiltriptamin (DRT), bufotenin, civə buxarı, benaktizin, delizid, həmçinin nisbətən azeffektli vasitələrdən – kannabinoidlər (məs., xaş-xaş), bəzi psixoaktiv və sintetik preparatlar (məs., sernil, ditron...), və indol ailəsindən olan digər preparatlar.
Bunlar elmdə başlıca hallyusinogen (qarabasmatörədən) maddələr kimi tanınır. Müasir tibbdə bu hal həmin maddələrin beyinin kimyəvi tərkibini dəyişməsi faktı ilə izah edilir. Göstərilən xüsusiyyətinə görə, həmin qəbildən olan preparatlar altıncı hissiyyatı oyadan, ilahi dünyaya yol açan, müqəddəs varlıqları görməyə imkan verən və s. vasitə kimi qədim cadu ayinlərində aktivliklə istifadə edilib (hətta sadalanan bu maddələrdən hazırlanmış boyalardan tatuirovka rəngi kimi istifadə olunmasının özü də, qanı kəskin yoluxduraraq ciddi psixi pozuntular, fəsadlar törədir, hallyusinasiyalar yaradır);
n IV.2.3.2.6.2.2) Emosiyaların requlyatoru olan psixotrop preparatlar:
Müxtəlif emosiyaları induksiya etdirmək və ya neytrallaşdırmaq məqsədinə xidmət edən neyromediatorlar qrupudur. Psixikaya tam differensial formada təsir göstərir, yəni hər biri fərqli emosiyanı induksiya etdirmək və neytrallaşdırmaq funksiyası daşıyır. Başlıca nümayəndələri aşağıdakılardır:
— Sevinc hissini neytrallaşdıran, yaxud kədər hissi formalaşdıran psixotrop preparatlar (psixoleptiklər və ya neyroleptiklər): (1) Antipsixotik vasitələr – fenotiazinin, butirofenomun, tioksantinin, klozapinin, rauvolfin, difenilbutil-piperidinin və b. törəmələri; (2) Trankvilizatorlar (anksiolitik vasitələr) – benzodiazepinin, qlikolun, trimetoksibenzoy turşusunun, propandiol və difenilmetanın və b. törəmələri; (3) Normotimiklər – litium duzunun müxtəlif törəmələri və s;
— Kədər hissini neytrallaşdıran, yaxud sevinc hissi formalaşdıran psixotrop preparatlar (psixoanaleptiklər): (1) Antidepressantlar (timoleptiklər) – (a) trisiklik və tetrasiklik antidepressantlar (imipramin, amitriptilin və s.), (b) MAO (monoaminoksidaza) fermentinin inhibitorları;... (2) Psixostimulyatorlar – purinin, fenilalkilaminin, sidnonimin törəmələri;... (3) Və s.
— Qorxu hissi formalaşdıran psixotrop preparatlar: trimetin...
— Qorxu hissini neytrallaşdıran psixotrop preparatlar (timolitik vasitələr): trankvilizatorlar – sefedrin, trazodon, ftorasizin, trioksazin, mebikar, meprotan və s.;
— Aqressiya hissi formalaşdıran psixotrop preparatlar: Bi-zet preparatı;
— Aqressiya hissini neytrallaşdıran psixotrop preparatlar: Psixoleptik və antidepressant preparatların kombinasiyası;
n IV.2.3.2.6.2.3) İntellektin requlyatoru olan psixotrop preparatlar:
İntellektual fəaliyyəti, yaddaşı, diqqəti və s. aktivləşdirib passivləşdirmək məqsədinə xidmət edən preparatlar qrupudur. Təqribi üzvləri aşağıdakılardır:
— İntellekti aktivləşdirəni psixotrop preparatlar: nootrop və qamgerkik maddələr;
— İntellekti passivləşdirən psixotrop preparatlar: benzodiazepinin, dibenzodiazepinin, fenotiazinin, tioksantenin və b. törəmələri (məs., eunoktin, fenazepam, propazin, aminazin, teralen, tizersin, sonapaks, xlorprotiksen, leponeks, atropin, skoqolamin və s.), həmçinin, bromkarbaminlər, barbituratlar və i.a.
Bundan əlavə, düşüncə prosesinin biokimyəvi mexanizm üzrə baş verməsi versiyasına əsaslanaraq, konkret fikirləri generasiya etdirib, söndürə bilən maddələrin axtarışı istiqamətində də aktiv iş gedir ki, hələlik bu sahədə əsaslı uğurdan danışmaq mümkün deyil;
n IV.2.3.2.6.2.4) İradənin requlyatoru olan psixotrop preparatlar:
Vazomotor aktivliyi blokirovka edən və ya stimullaşdıran preparatlar qrupudur:
— İflicedici preparatlar: Tabun, zarin, zoman və V-qazlar;
— Qıcolma əleyhinə olan preparatlar: Karbamazepin, klonazepam, morquksimid, pufemid, suksilep və s[8]...
IV.2.3.2.6.3. Partlayıcı maddələr (eksplozivlər):
Bizə məlum olan ədəbiyyatlarda, adətən partlayış törədən maddələrin heç bir təsnifatı aparılmır və onlar hamısı birlikdə partlayış törədən maddələr sırasına aid edilir. Lakin biz daha aydın təsəvvür üçün partlayıcılıq xüsusiyyətinə malik olan maddələri aşağıdakı 4 kateqoriyaya ayırırıq:
n Birinci kateqoriya partlayıcı maddələr: Partlayıcı civə, qurğuşun-azid, qurğuşun-trinitro-rezorsinat, tetrozen, pikrin turşusu (melinit), diazodinitrofenol (və ya onların qarışığı);
n İkinci kateqoriya partlayıcı maddələr:
— Nitratlar: ammoniya nitratı – məs., azot turşusunun duzu; spirt nitratları – məs., nitro-gliserin, nitroqlükol, nitrosellüloza (tüstüsüz barıt) və s.;
— Nitrobirləşmələr:trotil, nitrometan, nitrobenzol və s. və polinitrobirləşmələr:trinitrotoluol, trinitrofenol və s.;
— Nitroaminlər:tetril, heksagen, oktagen, etilendinitroamin və s. və i.a.
n Üçüncü kateqoriya partlayıcı maddələr: Transuran elementlər və ya aktinoidlər. Başqa sözlə, nüvə partlayıcıları. Partlayış nüvə parçalanması halında baş verir.
n Dördüncü kateqoriya partlayıcı maddələr: Hidrogenin ağır izotopu olan – tritium ( ). Partlayış – nüvə sintezi halında baş verir.
Partlayıcı maddələrin bu təsnifatının müəllifliyi bizə məxsusdur. Təsnifat – maddələrin təsirəhəssaslığı və partlayış gücünə əsasən aparılıb. Belə ki, hər növbəti kateqoriya partlayıcılar özündən əvvəlkinə nisbətən bir neçə yüz, və hətta bir neçə min dəfə artıq partlayıcılıq gücünə malikdir, ancaq ki, onun hərəkətə gəlməsi, yəni partlaması üçün isə, özündən əvvəlki kateqoriyanın maddələrinə nisbətən qat-qat artıq impuls («detonasiya») lazımdır. Buna görə də, hər bir kateqoriyaya aid olan maddələr, öz vəzifəsindən əlavə, həm də öz kateqoriyasından sonrakı maddələrin detonatoru yerində istifadə olunur.
Məs., I kateqoriya partlayıcılar ifrat həssasdırlar – onlar adi zərbədən, sürtünmədən, qığılcımdan və s. partlayırlar, ancaq ki, çox kiçik gücə malikdirlər. Yəni onların partlayışı elə böyük dağıdıcılıq törətmir. Buna görə də, onlardan, əsasən uşaq oyuncaq-tüfənglərində, bayram pistonlarında, feyerverklərdə, pirotexniki effekt (tüstü, işıq, səs və s.) yaradan fişənglərdə və s., istifadə olunur. Həmçinin, bunlardan, yuxarıdakı təsnifatdakı II kateqoriyada duran partlayıcıları hərəkətə gətirmək, yəni partlatmaq üçün, onların detonatorları, kapsulları, pistonları və s. yerində istifadə olunur.
II kateqoriya partlayıcılar – müasir dünyada mövcud olan nüvə və termonüvə silahlarından savayı, digər bütün növ odlu silahların əsas özəyini təşkil edir. Aviasiya bombalarından tutmuş, alazanlara, stingerlərə, əl qumbaralarına, top və tank mərmilərinə və s.-ə qədər hamısı bu partlayıcılarla işləyir. Ancaq ki, onlar yuxarıdakı kimi adi zərbədən, sürtünmədən və s. hərəkətə gəlib partlamırlar. Xeyr. Onların partlaması üçün bir qədər artıq güc (detonasiya) lazımdır ki, bu məqsədlə də, onların detonatorları yerində, müxtəlif vasitələrdən, o cümlədən elektrik qığılcımından savayı, həm də bu birinci kateqoriya maddələrin partlamasından istifadə olunur.
III kateqoriya partlayıcılara, sadə dillə desək, adi nüvə bombaları, bir qədər elmi terminlərlə ifadə etsək isə – Mendeleyevin dövri sisteminin axırlarında yerləşən elementlər aiddir (bu cədvəlin axırlarına doğru getdikcə, elementlərin atomunun dayanıqlığı zəifləyir). Elmdə bunlara transuran maddələr, yəni həmin cədvəldə uran elementindən sonra yerləşən maddələr deyilir. Həmin maddələri adi vəziyyətdən çıxarıb, böhran vəziyyətinə, yəni partlayıcılıq həddinə gətirmək üçün çox-çox böyük detonasiya, yəni ilkin impuls zəruridir. Məhz həmin həddi əldə etmək üçün bu bombaların da içərisində, bizim yuxarıdakı təsnifatda II kateqoriyaya aid etdiyimiz maddələri, yəni adi bombaları partladırlar. Başqa sözlə, nüvə bombalarının detonatoru rolunda adi bombalar çıxış edir. Nüvə bombasının içərisində böyük gücə malik bu bombaların partlaması, sadə sxemlə ifadə etsək, həmin nüvə maddəsinin bir-neçə atomunu parçalayıb dağıdır, yəni bu atomların elektron, proton, neytron və s. mikrozərrəciklərini bir-birindən aralayır. Bunlarsa öz növbəsində kiçik qəlpələri xatırladıb, digər atomları bu cür partladıb-dağıdır, onların da hər biri – digərlərini, beləcə «zəncirvari reaksiya» deyilən akt baş verir[9].
IV kateqoriya kimi təsnif etdiyimiz partlayıcılara, sadə dillə desək «hidrogen bombası», elmi dillə desək, nüvə silahından bir neçə yüz və hətta bir neçə min dəfə güclü olan termonüvə silahları aiddir. əgər nüvə bombalarının əsasında Mendeleyev cədvəlinin sonlarında yerləşən maddələr dururdusa, termonüvə bombalarının əsasında bu cədvəlin əvvəlində yerləşən maddələr (əsasən, hidrogen, daha doğrusu onun izotopları – deyterium, tritium, Li6) durur. Elə buradan da aydın görünür ki, bu 2 növ bombaların partlayışının fiziki sxemi tam şəkildə bir-birindən fərqlənməlidir və məhz ona görə də, biz onları fərqli kateqoriya partlayıcılar kimi təsnif edirik. Və həqiqətdə də, əgər əvvəlincilərdə partlayış atomların öz qəlpələrinə parçalanması formasında gedirdisə, burada əksinə, ayrı-ayrı hidrogen atomlarına fərqli qəlpələr kimi baxılır və bu qəlpələr birləşməyə vadar edilərək yeni maddə (əsasən, Mendeleyev cədvəlində hidrogendən sonra yerləşən heliumun müxtəlif izotopları) yaradılır. Kvant fizikası dili ilə ifadə olunsa, burada nüvə sintezi prosesi baş verir. Yaranmış yeni elementin nüvəsi, özünü dayanıqlı vəziyyətə gətirmək üçün atom daxilindəki nukleidlərin yeni balansını formalaşdırır ki, nəticədə atomdaxili energetik səviyyələr dəyişir və termonüvə partlayışı baş verir. Deyildiyi kimi, bütün bunlar üçün fərqli hidrogen atomunu bir atom şəklində sintez olunmağa vadar etmək gərəkdir. Bu isə adi məsələ deyil. Nüvə daxilindəki elektrostatik itələmə qüvvəsini dəf edib, 2 fərqli elementin protonunu nüvə cazibəsinin təsir göstərdiyi məsafəyə qədər bir-birinə yaxınlaşdırmaq üçün olduqca böyük təzyiq gərəkdir. Kvant fizikası bu problemi çox asan yolla həll edir: bunun üçün hidrogen bombasının içərisində kiçicik atom bombası partlatmaq gərəkdir. Atom bombası, bir tərəfdən olduqca böyük təzyiq, digər tərəfdən nüvə sintezinin baş verməsi üçün gərək olan milyard dərəcə istiliyi verir. Beləliklə, termonüvə bombaların detonatoru rolunda da, yuxarıdakı təsnifatda bizim ondan əvvəlki kateqoriyaya aid etdiyimiz nüvə bombaları çıxış edir.
IV.2.3.2.6.4. Kimyəvi silahlar
Müxtəlif toksin xarakterli maddələrdən və onların daşıyıcılarından ibarət vasitələr kompleksidir. Qaz və ya aerozol şəklində yayılaraq təkcə havanı deyil, eyni zamanda, qidanı, su mənbələrini zəhərləyir, həmçinin orqanizmin açıq qalan bütün səthləri vasitəsilə xəsarət toxundurur. Hədəfə müxtəlif raket, fuqas, mərmi, mina, qumbara, xüsusi səpmə qurğuları aviasiya və artilleriya döyüş sursatları və s. vasitəsilə və ya su mənbələrini, qida anbarlarını yoluxdurmaqla çatdırılır. Başlıca növləri aşağıdakılardır:
n IV.2.3.2.6.4.1) Ümumi təsirli zəhərləyici maddələr: Bütün növ sintetik və təbii zəhərlər bu kateqoriyaya aid oluna bilər. Lakin hərbi sferada bunlardan yalnız xüsusi təsirli olan aşağıdakılar «kimyəvi silah» kimi tədqiq olunur və ayrı-ayrı mərhələlərdə tətbiq olunub: sianid turşusu, xlorsian, arsin, fosfin və s.
n IV.2.3.2.6.4.2) Boğucu maddələr: Bu kateqoriyaya, ələlxüsus fosgen, difosgen və xlorpikrin aiddir. Bunlar havanı zəhərləyərək tənəffüs vasitəsilə orqanizmə keçir və məxsusi olaraq tənəffüs orqanlarını, o cümlədən, ağciyər toxumalarını zədələyir, dağıdır ki, bu da tezliklə boğulma törədib ölümlə nəticələnir. Təsir dərəcələri fərqlidir, o cümlədən, xlorpikrinin effekti minimumdur. Qeyd olunmalıdır ki, yuxarıda izah olunan «ümumi təsirli zəhərləyici maddələr» də, sair effektlərindən savayı, orqanizmə əsasən tənəffüs orqanları vasitəsilə daxil olub, analoji dağıntılar törədirlər;
n IV.2.3.2.6.4.3) Siniriflicedici preparatlar: Tabun, zarin, zoman və V-qazlar;
n IV.2.3.2.6.4.4) Dəri irinləşdirici zəhərlər: əsasən iprit, azotlu iprit, lüizit və b.-dan ibarət olan bu kateqoriyaya zəhərlər müəyyən ferment sistemlərini məhv edərək, hüceyrədaxili biokimyəvi maddələr mübadiləsini kəsir və hüceyrələrin ölməsinə gətirib çıxarır. Yuxarıdakı maddələrdən fərqli olaraq, gizli təsiretmə qabiliyyətinə malikdirlər. Belə ki, təsirin ilk əlamətləri özünü yalnız 2-12 saatdan sonra büruzə verir. Kumulyasiya təsiri və antidotları yoxdur. Döyüş şəraitində buxar-aerozol və damcı-maye şəklində tətbiq edilir. Zəhərləyici və digər fiziki-kimyəvi xüsusiyyətlərinə görə bütün növ döyüş sursatlarında aktivliklə istifadə oluna bilir. Yüksək dozası mərkəzi sinir sistemini məhv edərək ölüm törədir;
n IV.2.3.2.6.4.5) Qıcıqlandırıcı-zəhərləyici maddələr: Müvəqqəti olaraq sıradan çıxaran zəhərləyici maddələrdir. Geniş dairədə bunlar əsasən gözyaşardıcı və burun udlağı qıcıqlandıran qazlar kimi tanınır. əslində isə, bunlar adamsit, xlorasatefenon və s. maddələridir.
Bunlar «Kimyəvi silah» kateqoriyasından olan ən əsas maddələrdir və döyüş zamanı müxtəlif şaşkalar, səpmə qurğuları, aviasiya və artilleriya döyüş sursatları və s. vasitəsilə tətbiq edilirlər. Böyük hava sahəsinə və əraziyə yayıla bilməsi, kimyəvi mühafizə qurğuları olmayan sığınacaq və tikililərə, tank və döyüş maşınlarına daxil ola bilməsinə, yalnız canlılara təsir göstərib maddi nemətləri məhv etməməsinə, eləcə də, «maya dəyərinin» ifrat aşağı olmasına görə bir sıra mütəxəssislər kimyəvi silahları nüvə silahından daha effektli silah növü kimi qəbul edirlər. Yeganə alternativi «bioloji silahdır».